F i Z i K A

Blog üzrə axtar

четверг, 11 апреля 2013 г.

Dahilərdən maraqlı hadisələr

Böyük insanlar,şəxsiyyətlər 

Klassik fizikanın əsasını qoymuş İsaak Nyuton bir gün Kral cəmiyyətindən məktub alır. Bu məktubda İsaak Nyuton bir məsələni həll etmək tapşırığını alır. Bir neçə ay ərzində Böyük Britaniya alimlərinin «baş sındırdıqları» məsələ əyrinin nöqtələrindən ona toxunan çəkmək idi. Məsələni səhər tezdən almış Nyuton çarpayının kənarında oturaraq fikrə dalır. Nahar vaxtına qədər hərəkətsiz və həyatdan tam təcrid olunmuş halda qalan İsaak Nyuton məsələnin nəinki tam həllini tapır, o həmçinin diferensial hesabın metodlarını işləyib hazırlayır.

İ.Nyutonun həyatında baş verən ən böyük hadisələrdən biri 25 aprel 1685-ci ildə «Natural fəlsəfənin başlanğıcı» əsərini Kral cəmiyyətinə təqdim etməsidir. Kitabda Kopernikin təliminin sübutları, Keplerin fərziyyələri, fəza cisimlərinin günəş ətrafında fırlanması və s. bir çox kəşflər öz əksini tapmışdır. Əsərin müzakirəsi zamanı R.Huk yerindən qalxaraq əsərə qəti etirazını bildirib dedi ki, İ.Nyuton cazibə qanunu haqqında onun məlumatını oğurlamışdı. Ancaq Hukun etirazına baxmayaraq, cəmiyyətin iclası I.Nyutonun əsərini qəbul etmişdir. Vaxtı ilə çox möhkəm dost olan Nyutonla o gündən etibarən Huk bir-birinə düşmən kəsilirlər.İ.Nyuton 4 yanvar 1643-cü ildə İngiltərədə kiçik bir kənddə yoxsul fermer ailəsinə doğulmuşdur. O, vaxtından qabaq doğulmuşdur, uşaqlıqda zəif olmuşdur. Yaxınları onun yaşaya biləcəyinə şübhə edirdilər. Nyuton ilk təhsilini kənd məktəbində almışdır. 1661-ci ildə «yoxsul tələbə» kimi Tripiti kollecinə daxil olur. O, kollecin üzvlərinə və varlı tələbələrə xidmət edir. Bir dəfə tələbələrdən biri Nyutonu döyür. O, Nyutondan həm güclü, həm də bilikli idi. Nyuton özünə söz verir ki, bilikdə bu tələbədən üstün olmalıdır. Tez bir zamanda o, özünün biliyi, bacarığı, kəşfləri ilə ad çıxarır və yoxsul «qulluqçu» tələbəlikdən azad olur. Universiteti qurtardıqdan sonra isə kollecdə saxlanılır.

Bir dəfə İ.Nyuton aydın havada gəzməyə çıxarkən, çobana rast gəlir. Çoban məsləhət görür ki, uzağa getməsin, çünki bərk yağış yağacaq. Nyuton ona qulaq asmır. Doğrudan da, yarını saatdan sonra möhkəm yağış yağır. Nyuton suyu süzülə-süzülə özünü çobana yetirir və bunun sirrini ondan soruşur. Məlum olur ki, çoban qoyunun tüklərinin vəziyyətinin dəyişməsinə görə bunu təyin edə bilmişdir.

M. Bertranın fikrincə — Nyuton Arximedlə yanaşı başqalarının hamısından yüksəkdə durmuşdur.

Nyutonun abidələrindən birinin üzərində belə sözlər həkk edilmişdir: «Nyuton — bəşəriyyətin yaraşığıdır.»

P.Laplas «Başlanğıc»ın başqa əsərlərdən üstün olduğunu qeyd etmişdir. J.Laqranj «Başlanğıc»ı insan zəkasının çox böyük əsəri adlandırmışdır.

R.Akoffun fikrincə müdriklik — ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xatirinə, hazırkı ötən mənfəətləri qurban vermək qabiliyyəti və idarə olunanı idarə etmək məharətidir.

S.İ.Vavilovun fikrinə görə, təbiətşünaslıq tarixində Nyutonun «Başlanğıc»ının meydana gəlməsindən böyük hadisə olmamışdır.

Nyutonun yaxın dostu Halley 1682-ci ildə «Başlanğıc»ın formullarından istifadə edərək parlaq bir kometin orbitini hesabladı və onun 1759-cu ildə qayıdacağını qabaqcadan xəbər verdi. Kometa deyilən vaxtda qayıtdı. Bu kometa Halleyin adı qoyuldu. Volter kometin qayıtmasına öz münasibətini coşqun şeirlərlə bildirdi.

Nyuton hələ öz sağlığında şöhrət, hörmət və nüfuz qazanmışdır. O, özü isə təvazökarlıqla deyirdi:«Hamının məni nə hesab etdiyini bilirəm, lakin özüm-özümə dəniz qırağında oynayan və hamar daş, yaxud adi görkəmdə olmayan gözəl balıqqulağı tapanda sevinən uşaq kimi görünürəm, halbuki qarşımda tədqiq edilməmiş böyük okean durur.» Nyuton əsrimizin III əsrində yaşayıb yaratmış Evklidin «Həndəsənin əsasları» kitabını böyük çətinliklə yazmasına təəccüb edirdi. Nyutona elə gəlirdi ki, kitabda verilmiş isbatlar beş aksiomdan çox asanlıqla alınır.

Nyutonun dostu, Halley öz mədhiyyəsində demişdir ki, o, adi adamlarla yaxın dayana bilməz.

Həyatının son 40 ilində Nyuton demək olar ki, elmlə məşğul olmamışdır. O, da son illərdə ingilis kimyaçısı və fiziki Boyl kimi peyğəmbər Daniil haqqında Apokalipsisin (bizə gəlib çatmış ilk xristianlıq əsəri) şərhi haqqında dini əsərlər yazır və ilahiyyat elminin böyük bilicisi kimi də şöhrət qazanmışdır.

Bir dəfə bir qrup adam məclisdə Nyutonu pis vəziyyətə qoymaq üçün onu belə bir imtahana çəkirlər. Deyirlər ki, heç kimin görüb duymadığı, əlinin çatmadığı göylərdə nəyin necə baş verməsi barədə versiyalar irəli sürmək hələ alimlik deyil onsuz da onun doğru ya yalan olmasını yoxlamaq bizim imkanımız xaricindədir, əsl alim odur ki etdikləri göz qabağında olsun, bax məsələn bu yumurtanı dikinə qoya bilsən, yəni uc tərəfi aşağı olmaqla bilərik ki, əsl alimsən. Nyuton heç bir söz demədən yumurtanı götürür, uc tərəfini sındırıb yastıladır, onu dikinə qoyur və yumurta deyildiyi kimi dayanır hamı etiraz edib deyəndə ki, bunu biz də edərdik, Nyuton cavab verir ki, «Edəydiz». Bir dəfə İsaak Nyutonun 20 il ərzində apardığı riyazi hesablamalar, aldığı nəzəri nəticələrin xeyli hissəsi təsadüfən yanıb kül olur. Nyuton bir müddət əsəbi sarsıntı keçirsə də, sonralar bütün iradəsini ələ alaraq inadla çalışır, həmin işləri yenidən bərpa edir.

Nyuton ömrünün axırına yaxın çox varlı adam idi. Deyirlər ki, Nyutonun milyonları onun bir vecsiz qohumuna qismət olur. Bu adam həm də tarixə öz qeyri-adi ölümü ilə daxil olmuşdur. Sərxoş olarkən, o ağzında tutduğu çubuqla boğulub ölüb. Nyutonun parlamentdə söylədiyi ən böyük «nitq» belə səslənirdi: Pəncərəni bağlayın, — deyə xidmətçiyə müraciət etmişdi. Nyuton iş otağında işi ilə məşğul olduğu vaxtlardan birində, görür ki, bayır tərəfdən kiçik pişik qapını cırmaqlayır ki, içəriyə keçsin. Nyuton qapını açıb onu içəri buraxır. Bir qədərdən sonra indi də iti içəriyə keçmək üçün qapını döyəcləyir. Nyuton onu da içəri buraxır. Bir azdan indi də hər ikisi qapını cırmaqlayırlar ki, bayıra çıxsınlar. Nyuton əsəbiləşib ayağa qalxır, mişarı götürüb qapıdan bir böyük və bir də kiçik deşik açır və üzünü it ilə pişiyə tutub başa salır ki; «Bax bu sənin üçündür, bu da sənin üçün. İndi özünüz girin-çıxın, daha mənim əsəblərimi oynatmayın».Elə bir böyük deşiyi açmaq onun ağlına gəlmir.

Bir gün öz dostunu nahara dəvət edən Nyutonun işi çox olduğundan bu barədə xidmətçiyə xəbər verməyi unudur. Nahar vaxtı xidmətçi yemək stoluna ancaq bir adamlıq yemək qoyur. Qonaq gəlir, Nyutonun düsturlarla, mürəkkəb hesablamalarla məşğul olduğunu görüb, stolun üstündəki bir nəfərlik yeməyi yeyir və gedir. Xeyli sonra qonağın necə gəlib-getdiyini duymayan Nyuton bir anlığa sevimli işindən ayrılıb stolun üstündəki boş qablara baxaraq öz-özünə deyir: «Qəribə işdir, əgər stolun üstündəki bulaşıq qabları görməsəydim, hesab edərdim ki, mən bu gün nahar etməmişəm». C.Herşelin fikrincə: «İnsan dərrakəsinin tam yetkinlik dövrü Nyutonla başlayır.» Nyuton bir dəfə soyutma yumurta bişirmək istəyir və yumurtanı suya atıb, zəngli saatı da qurur ki, müəyyən vaxtdan sonra zəng çalıb yadına salsın. Lazımı vaxtdan sonra zəng çalır. Nyuton gedir ki, yumurtanı qaynayan sudan çıxarsın. Lakin baxıb görür ki, suya yumurta əvəzinə zəngli saatın özün atıbmış, yumurta isə hələ də əlindədir.... A.Eynşteyn (1879-1955) çox sakit böyümüş, danışmayan uşaq olub, həmişə səs-küydən qaçmışdır. Dahi Eynşteyn uşaqlıqda riyaziyyat və fizikadan geri qalırdı. Dayısı Yakob onu sakitləşdirərək dekyirdi: «Heç nə olmaz, Albert, hamı professor ola bilməz ki… sən də gələcəkdə bir sənət sahibi olarsan.»

Eynşteyn bütün dünyada ən populyar fizik və alim olmuşdur. İsrail dövləti hətta onu ölkənin prezidenti olmağa dəvət etmişdi, lakin böyük alim bu təklifi qəbul etməmişdi. Buna oxşar hadisə XVII əsrdə olmuşdur. 1654-1658-ci illərdə İngiltərənin vahid prefektoru olsa da Oliver Kromvel dönə-dönə edilən təklifləri rədd edib kral olmaqdan imtina etmişdir.Corc Vaşinqton da (1732-1799) ikinci prezidentlik səlahiyyəti başa çatdıqdan sonra konqres ondan konstitusiyaya əlavə etməklə üçüncü dəfə prezident olmasını xahiş etsə də o bu təklifi rədd etmişdi.

Məşhur professor Eynşteyn (1879-1955) İngiltərənin Mançester universitetində fizikaya aid mühazirə oxuduğu vaxt, yazı taxtasına bir formul yazmış və mühazirəni davam etdirmişdir. Bir daha taxtaya tərəf döndükdə onu yerində görməmişdir. Məlum olmuşdur ki, tələbələr Eynşteyndən yadigar qalsın deyə, yazı taxtasını götürüb, yerinə başqasını qoymuşlar. Sonra həmin taxtada Eynşteyn tabaşirlə yazdığı xəttinin üzərinə lak çəkilmiş və həmişəlik qalması üçün tədbir görülmüşdür. 1933-cü ildə Eynşteyn Avropadan Amerikaya gələrkən Belçikada qaldı. Belçika kraliçası onun həyatını qorumaq tədbirlərini gördü. O, bağlı karetdə İngiltərəyə, oradan da Amerikaya getdi. 20-ci illərdə Eynşteynə o qədər məktub gəlirdi ki, qulluqçu bu məktubları iri bir səbətdə gətirirdi. Məktublar müxtəlif dillərdə və məsələlərə aid yazılırdı. Buna isə poçtalyon əsəbiləşirdi və yeni korrespondensiyanı onun üstünə tullayardı. Eynşteyn isə poçtalyonu özünün qəddar düşməni adlandırır və hesab edirdi ki, o bu qulluqçudan canını qurtara bilməyəcəkdir. Məktubların çoxuna arvadı Elza cavab verərdi, Eynşteynin bu məktublara cavab yazmağa vaxtı olmazdı.

Eynşteynin tədqiqat apardığı, amma sona çatdıra bilmədiyi zəif elektromaqnit qüvvələrin birləşmiş sahə nəzəriyyəsinə görə prof. Əbdülsəlim (1926-1979) Nobel mükafatını almışdır. A.Eynşteyn demişdir ki, təcrübə ilə təsdiq edilən hadisələrin məntiqi riyazi dəlillərlə sübuta yetirilməsi üçün əsas tapmaq ancaq Nyutona müyəssər olmuşdur. Eynşteyn demişdir: «Hamı bilir ki, bu şey ola bilməz, lakin «Bu şeyin ola bilməzliyini» bilməyən bir nəfər tapılır və o da həmin şeyi kəşf edir.» Eynşteyn demişdir: «Əgər cavan və sağlam bır yırtıcı heyvana qamçı gücünə hər gün həddindən artıq ət versən, tədricən o, yeməkdən tamamilə iyrənəcəkdir.» Bir dəfə Eynşteyn məşhur Avstriya fiziki Feliks Eranqaftın evində qonaq qalır. Feliksin arvadı — Avstriyada qadın təhsilinin təşkilatçısı — Eynşteyndən xahiş edir ki, mühazirəyə gedəndə bir qədər geyiminə fikir versin. Bu məqsədlə qadın ona bir təzə şalvar verir ki, onu dərzidə ütülətdirsin və geyinsin. Lakin Eynşteyn mühazirəyə həmin ütülənməmiş şalvarda gedir. Bir dəfə Eynşteyn Praqada «Uraniya» cəmiyyəti zalında mühazirə oxumaq əvəzinə konsert verir. O, skripkada Motsartın sonatasını çalır. Bir dəfə Eynşteynə sual verirlər ki, «Necə oldu ki, siz Nisbilik Nəzəriyyəsini kəşf edə bildiniz?
Cavabında Eynşteyn deyir;
— Bunu bilmək üçün gəlin ümumiyyətcə araşdıraq görək, kəşf nədir, onu necə edirlər. Bax, təsəvvür edin ki, elm min-min il ərzində inkişaf edib və öz qanunları ilə müəyyənləşdirib ki, nəyi etmək olar, nəyi yox. Elmi dərindən bilən adamlar da, onun qadağan etdiyi şeyləri etmirlər, çünki bilirlər ki, bu filan-filan qanunlarla ziddir. Birdən bir dəlisov peyda olur və bilmir ki, nəyi etmək olar, nəyisə yox. Xəbərsizliyin

ə görə də, əvvəl qadağan hesab olunan şeyləri edir və nə isə yeni bir kəşf alınır. Nəticədə hamı görür ki, sən demə, belə də etmək olarmış. Eynşteyn 1955-ci il aprelin 17-də qarlı havada anevrizmdən ölmüşdür. Öz arzusuna görə cəsədi yandırılır və külü havaya səpilir. Eynşteyn vaxt alan iclaslardan və dəvətlərdən zəhləsi gedərdi. Eynşteyn yazmaqdan və oxumaqdan çox, fikirləşirdi. Eynşteyn Sahənin Vahid Nəzəriyyəsini tapmaq üçün ömrünün 30 ilindən artıq bir hissəsini sərf etmiş, lakin heç bir nəticə almamışdır. Bir dəfə ondan bu barədə soruşanda belə cavab vermişdir: — Hər halda indi doğru olmayan on min üsul bilirəm.

Eynşteyn skripkada və pianoda çalmağı çox sevərdi. O, 14 yaşında evdə konsert verərdi. Musiqi aləmində onun çox sevdiyi Motsart, elmdə isə həndəsə olmuşdur. Eynşteyn bir dəfə yoldaşları ilə restoranda oturarkən başqalarının cingiltisi, musiqi səsləri, danışıqlar onu fikirli vəziyyətdən çıxarır. O, sakitcə yerindən durub skripka çalana yaxınlaşır və ondan skripkanı alıb özü çalır. Xeyli sonra üzr istəyərək skripkanı sahibinə qaytarır. Eynşteyn hesab edirdi ki, «fiziki nəzəriyyə elə olmalıdır ki, hər cür hesablamalarla yanaşı, uşaqların başa düşəcəyi tərzdə onun şəklini çəkib izah etmək mümkün olsun.» Eynşteynin səliqəsinə qarşı əcaib başısoyuqluğu vardı. Adəti üzrə o, həmişə görkəmini tamam itirmiş bir dəri kurtka geyərdi, saçlarını vurdurmazdı, corab geyməzdi, qalstuk bağlamazdı, şalvara toqqa taxmazdı. Priston institutunun dosenti İnfeld hesab edirdi ki, Eynşteyn özünə qulluq işlərini tam başlı-başına buraxan adamdır. O deyirdi ki,Eynşteynə görə, insana yalnız ayaqqabı, şalvar, köynək, pencək, lazımdır. İnsan kiçik şeylərdə çox vaxt sərf edir.

Eynşteynin həyat tərzi və həyatı çox sadə idi. Laboratoriyası və alətləri yox idi. Onun otağında Nyutonun şəkli və kiçik bir teleskop qoyulmuşdu. Bir dəfə yoldaşları ondan bu teleskopun nəyə lazım olduğunu və onun alətlərinin nədən ibarət olduğunu xəbər alırlar. O, cavabında: «Teleskop baqqalındır, mən onu oyuncaq kimi saxlayıram, alətlərə gəldikdə isə sadəcə olaraq avtoqələmdən ibarətdir» — deyir. İkinci Dünya Müharibəsinin başa çatmasından sonra Eynşteynə sual verirlər ki, «Siz Üçüncü Dünya Müharibəsini necə təsəvvür edirsiniz». Eynşteyn cavabında bildirir: — Üçüncü yox, dördüncü barədə deyə bilərəm ki, o, ox-yayla aparılacaq. Nəzərdə tutaraq ki, artıq Üçüncü Dünya Müharibəsi Yer üzündə sivilizasiyanı tam şəkildə məhv edəcək.

Məlum olduğu kimi Eynşteynin Nisbilik Nəzəriyyəsinin əsasında duran ən fundamental prinsip işıq sürətinin sabitliyi prinsipidir. Mühazirələrindən birində Eynşteyn dönə-dönə bu prinsipə istinad edərək Nisbilik Nəzəriyyəsini izah edir, hesablamalarında qiymətini göstərmədən dəfələrlə bu sürətin ədədi ifadəsindən istifadə edir. Mühazirənin sonunda dinləyicilərdən biri qalxıb sual verir ki, cənab Eynşteyn siz bayaqdan bəri işıq sürətindən, onun bu nəzəriyyənin əsasında durmasından bəhs edirsiniz. Amma onun qiymətini göstərmirsiniz. Xahiş edirəm deyin, bu sürət nə qədərdir? Cavabında Eynşteyn deyir;
— O şeyləri ki, mən istənilən məlumat kitabçasından axtarıb tapa bilərəm, elə şeyləri əziyyət çəkib yaddaşımda saxlamıram. Nasist partiyası siyahısında ölümə məhkum olunanlar arasında bir nömrəli adam Eynşteyn idi. Hətta Hitler düşmənlərinin fotoşəkilləri xüsusi albomlarda saxlanılırdı. Bu şəkillərin içərisində Eynşteynin şəkli də vardı. Şəkildə yazılmışdı: « Hələ asılmayıb.» Nisbilik Nəzəriyyəsi artıq məşhurlaşıb, bütün dünyanı fəth etdiyi vaxtlardan birində Eynşteyndən xahiş edirlər ki, bu nəzəriyyənin mahiyyətini nisbətən sadə dillə onlara başa salsın.Eynşteyn cavabında deyir:
— Riyaziyyatçılar ona baş qoşandan bəri, mən özüm də ondan bir şey anlamıram.

Bir dəfə observatriyanın (rəsədxananın) müdiri nəhəng teleskopları göstərərək, fəxrlə öz işlərindən danışır. Yekunda Eynşteynin həyat yoldaşı rəsədxana rəhbərindən soruşur ki, «Bağışlayın, bütün bunlar maraqlıdır. Ancaq ki, mən bir şeyi başa düşmədim ki, bu qədər hamısı göyə tuşlanmış nəhəng qurğular, teleskoplar nəyə lazımdır? Observatoriyanın rəhbəri cavabında bildirir ki, «Necə yəni nəyə? Əlbəttə ki, göydəki ulduzların hərəkət qanunauyğunluqlarını izləyib öyrənmək üçün». Eynşteynin arvadı cavabında deyir: — Maraqlıdır, sizin bu qədər nəhəng qurğular, teleskoplar vasitəsilə axtarıb tapdıqlarınızı, mənim ərim köhnə bir konvertin arxasında cızma-qara etməklə tapır.