F i Z i K A

Blog üzrə axtar

вторник, 13 октября 2015 г.

Səndə düzəlt


Səndə düzəlt ! 

 Bir çoxlarımız bəzən televizorda müxtəlif yaş və sənət sahibi olan insanların əyləncə və ya hobbi naminə nəsə qurub yaratdığı haqqında eşidirik. Xüsusi istedada, əmək vərdişlərinə və müəyyən bilgiyə malik olan bu insanlar müxtəlif maraqlı maşın və mexanizimlər, fərqli dizayna malik avtomobillər, fərqli ölçülərdə idarə olunan avtomobil, təyyarə, lokomotiv və s. modellər və daha başqa maraqlı qurğular, cihazlar hazırlayırlar. Onu da qeyd edək ki, bunların hazırlanması üçün təkcə hansısa əmək vərdişinin, müəyyən təlimat və çertyojların olması yetərli deyil. Sizə hər şeydən əvvəl görüləcək işin nədən ibarət olacağından asılı olaraq cürbə-cür alətlər, çəkic, kəlbətin, müxtəlif ölçülü açarlar, burğu, yivaçan, taxta və metal kəsmək üçün mişarlar və s. (hər bir evdə olması vacib olan alətlər) alətlər, eləcə də müxtəlif materiallar (metal, taxta, plastik və s.) lazım olacaq. Bunlar əgər sizdə yoxdursa əlbəttə ki, onları almaq və ya tapmaq üçün sizə bir qədər pul da lazım olacaq. (bu pula siz hətta özünüzə bu işlərdən ötrü boş vaxt da ala bilərsiniz ). Kiçik model və ya maketlərı hazırlamaq üçün çox vaxt zəhmət çəkib əlinizi cibinizə salmaya bilərsiniz. Sadəcə olaraq əlinizin altında olan materiallar da “lazımsız” hesab edilən köhnə cihazlar və məişət avadanlıqları da sizə işinizdə yetərili ola bilər. Böyük işlərdən ötrü isə böyük zəhmət və xərc tələb olunur. Məsələn əgər siz avtomobil həvəskarısınızsa və sizin ürəyinizdən öz şəxsi “istehsalınız” olan yeni dizayna və fərqli quruluşa malik avtomobil quraşdırmaq keçirsə bunun üçün sizin xəricləyəcəyiniz pul maşın bazarındakı hər hansı bir ucuz avtomobilin qiymətindən az olmaya bilər. Şəxsən mənim üçün ev şəraitində əldəqayırma su çarxlarının və külək qurğularının quraşdırılması daha cəlbedici və maraqlıdır. Bunun üçün sizin yaşadığınız coğrafi məkan da xüsusi əhəmiyyət daşıyır. Yəni əgər sizin həyətinizdə və ya yaşadığınız yerin yaxınlığında bol sulu hər hansı bir arx və ya kiçik bir çay yoxdursa onda sizin su çarxı düzəltmək istəməyiniz mənasız güc və vaxt itkisindən başqa bir şey deyil. 
Biz bu səhifədə böyük və ya kiçik ölçülü külək qurğusunun ev şəraitində nə cür düzəldilməyindən danışacağıq. 
Elektrik enerjisi verən sadə külək qurğusu əsasən 5 hissədən ibarətdir: 
1)Pər. (propeller və ya vint) 
2)Ötürücü mexanizm. (multiplikator, sürət qutusu və s. mexaniki ötürmələr) 
3)Generator 
4)Dayaq-çərçivə 
5)İstiqamətləndirici (yönəldici,istiqamətverici)




Əvvəlcə kiçik modelin nə cür hazırlandığını izah edək. Hər şeydən əvvəl siz bu qurğu üçün münasıb pər (propeller) tapmalısınız. Pərsiz külək enerji qurğusu-mühərriksiz avtomobil kimi bir şeydir. Bu pərləri siz ya özünüz hazırlaya bilərsiniz ya da haradansa, hər cür malların satıldığı dükan-bazarlardan tapa bilərsiniz (İnternetdən yararlanaraq sifariş də etmək olar.). Onun çəkisi nə qədər yüngül olsa zəif küləkli havada bir o qədər yaxşı işləyər. Əlbəttə burada həm də pərin ölçüsü, pərin qanadlar sayı və aerodinamik keyfiyyəti də xüsusi rol oynayır. 
 Pərləri hazırlamağa gəlincə isə onu müxtəlif üsullarla hazırlamaq olar. Əgər buçaqla düzgün rəftar edə bilirsinizsə və bunun üçün az da olsa əl qabiliyyətiniz varsa onda siz taxtadan yonmaqla da pər hazırlaya bilərsiniz. Daha yaxşı nəticə əldə etmək üçün daha çox zəhmət çəkməli olacaqsınız. İkinci üsul isə pərlərin adi alümin lövhədən hazırlanmasıdır. Siz isdədiyiniz ölçüdə və formada pəri alümin lövhənin üzərində çəkib (və ya iti uclu alətlə cızıb) sonra da onu metalkəsən qayçı və ya isgənə vasitəsilə kəsib götürə bilərsiniz. Belə olan halda sizin pəriniz daha dəqiq və simmetrik olacaq. Yaxşı olar ki, siz lövhə üzərində cızılmış və ya çəkilmiş formanı, əgər metalkəsən qayçıdan istifadə etməklə kəsirsinzsə bu forma xətlərindən 2−3 mm, isgənə ilə kəsirsinizsə 1−1,5 mm aralı kəsməlisiniz. Artıq hissələri sonradan yeyələməklə aradan qaldırmaq və lazımi dəqiq formanı almaq olar. Pərin müstəvi üzrə əyriliyini isə onu ehtiyatla dəmirçi zindanı üzərində çəkiclə döyməklə düzəltmək olar. Daha sonra isə pərin qabaqcadan təyin olunmuş mərkəzində lazımi diametirdə yuva (və hatta yiv) açmaq olar. 
Bu yuvanı açmazdan pərinizin ağırlıq mərkəzinin nə dərəcədə dəqiq olduğunu onu fırlanma mərkəzində iynə üzərində tarazlıqda saxlamaqla təyin edə bilərsiniz. Pərlərin hazırlanması zamanı onların fırlanma oxunda tarazlığın alınması əsas şərtdir. Bu isə onun nə dərəcədə dəqiq və simmetrik hazırlanmasından asılıdır. Əks halda pərin firlanması titrəmə ilə müşayət olunacaq və hətta böyük fırlanma (bucaq sürətində) sürətlərində pər fırlanma oxundan boşalıb yerindənçıxa da bilər. 
Bütun bu işlərdən sonra isə sizə pərin qanadlarını fırlanma müstəvisində birini digərinə nəzərən ehtiyyatla bürüb çevirmək qalır. Bu qanadın profili adi lövhə olduğundan fırlanma müstəvisinə nəzərən qanadların maillik bucağının 5−7° olması məsləhətdir. Lakin dəqiq və asan hazırlanmasına baxmayaraq lövhədən hazırlanmış pərlər kifayət qədər sürətli olmur.

Aralıq ötürücü mexanizm − bu əlavə müqavimətə və güc itkisinə səbəb olsa da əhəmiyyətli ola bilər. Çünki sizin pərləriniz nə qədər yaxşı olsa da, o çox vaxt aralıq mexaniki sürətləndiricisiz (sürət qutusu, multiplikator) 30−40 Hs tezliyi təmin edə bilmir. Ən azından küləyin sürəti buna çox vaxt imkan vermir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, böyük gücə malik olan nəhəng külək qurgularının hamısı multiplikatora − yəni aşağı fırlanma tezliyini yüksək fırlanma tezliyinə çevirən sürət qutusuna malikdir. Öz modelinizdə siz aralıq ötürücü kimi dişli çarx ötürməsindən və yaxud qayış ötürməsindən istifadə edə bilərsiniz. Öz təcrübəmdən deyə bilərəm deyə bilərəm ki kiçik külək mühərriki hazırlayanda qayış ötürməsini quraşdırmaq daha az zəhmət tələb edir və rahatdır. Lakin bu ötürmənin ömrü qısadır. Belə ki, qayış tez-tez qırılır və ya bəzən də qasnaqdan çıxa bilir. Qayış ötürməsi üçün lazım olan hər bir detalı (qasnaqlar, val, qayışı, dayaq) istənilən maqnitafonda tapa bilərsinin. 
Onun artıq nə cür qüraşdırılması isə sizin öz şəxsi yaradıcılıq qabiliyyətinizdən asılıdır.

Dişli çarx ötürməsi hazırlamaq üçün sizə modulu eyni olan, biri digəri ilə uyuşan dişli çarxlar lazım gələcək. Bunun üçun bəzi dişli çarx mexanizmə malik olan cihazlardan, oyuncaq mexanizmlərindən və eləcə də saatlardan yararlanmaq olar. Şəkildə bu məqsəd üçün hazırlanmış paket multiplikator göstərilmişdir. Onun ötürmə ədədi 30-a bərabərdir. Yəni giriş valının bir tam dövründə çıxış valı 30 tam dövr etmiş olur. Dişli çarx ötürməsinin qurulması çətin ola bilər lakin bu ötürmə iş zamanı daha etibarlıdır və sizin model daha dolğun görünəcək.
Bizim külək qurğusunda digər mühüm hissə generatordur. Əlbəttə söhbət ev şəraitində hazırlanan əldəqayırma maketdən getdiyi üçün sizə çoxlu düsturlardan istifadə edib cansıxıcı riyazi hesablamalar aparmaq lazım olamayacaq. Burada sadə bir çixiş yolu var. Generator kimi işlədəcəyimiz elektrik maşını az müqavimətlə kiçik fırlanma tezliklərində alçaq gərginlikli elektrik və ya yarımkeçirici lampaların işıqlanmasını təmin etməlidir. Belə bir generatoru surətlər qutusu olmadan, sadəcə olaraq birbaşa pərə qoşmaqla da işlətmək olar. Yuxarıda elektrik maşını sözünü səbəbsiz işlətməmişdik. Əslinə qalarsa mənim bu maketlərdə quraşdırdığım “generatorlar” elektrik mühərriki kimi istifadə üçün nəzərdə tutulub. Siz bu generatorları da həmçinin hər bir maqintafonda və bəzi elektrik cihazlarında tapa bilərsiniz. Bu sabit cərəyan elektrik maşınları həm elektrik mühərriki, həm də generator kimi işləyə bilər.
Onlar məftil sarğıya malik lövbərdən və bu lövbərin ərtafında sükunətdə olan sabit maqnitlərdən ibarətdir. Bu lövbərə sabit cərəyan verildikdə (məsələn akkumlyator batareyalarından) o fırlanır və elektrik maşını elektrik mühərriki kimi işləyir.

Bizim nümunədə isə əksinə həmin lövbər kənardan pər vasitəsilə firladılır və sabit maqnitlərin təsiri ilə bu lövbərin sarğılarında elektrik cərəyanı (induksiyalanır) yaranır . (Həqiqi külək mühərriklərində isə generator kimi sinxron generatorlar tətbiq olunur). 
Markasından asılı olaraq bu generaorlar 1,5V, 2V, 4,5V, 9V və 12V gərginlikli cərəyan verə bilir. Bunun üçün onun fırlanma sürəti normadan az lmamalıdır. Lakin Abşeron yarımadasında hər hansı normanı nəzərə almamaq da olar. Çünki küləyin sürəti öz işini görür. Burada kiçik bir məsləhət yerinə düşər. Yaxşı olar ki siz üzərinə 1,5−2V yazılmış elektrik maşınlarından istifadə etməyəsiniz. Ona görə ki, bu halda sizə hər hansı bir mexaniki sürətləndirici və çox vaxt sürətli külək lazım olacaq. 
Əks halda siz öz əl işinizin gecələr, küləkli havalarda nə cür işıq saçdığından doyunca zövq ala bilməyəcəksiniz. Çünki bu cür alçaq gərginlikli generatorlar bir-iki yarımkeciricini sürət artırıcı ötürmə ilə belə güclə işıqlandırır.ДПМ−30Н1−05, К4А2, EG−530AD−9B, MMİ−6S9L markalı elektrik maşınları işdə daha yaxşıdır. Onları sürət artırıcı mexanizimə ehtiyac olmadan da, birbaşa pərlə əlaqələndirmək olar. Əgər belə etsəniz onda özünüz də alçaq gərginlikli elektrik lampaların və ya yarımkeçirici lampaların (xoşbəxtlikdən onlara çox yerdə, hətta əksər alışqanlarda da rast gəlinir) nə cür parlaq işıqla yandığını görəcəksiniz.

Nanotexnalogiya

                                                         Nanotexnologiya  

Keçən əsrin 90-cı illərindən başlayaraq fizika, kimya və mühəndislik elmlərinin nailiyyətlərinə əsaslanan yeni bir texnologiya – nanotexnologiya intensiv inkişaf edərək XXI əsrin texnologiyası statusunu qazanmaq əzmindədir. Nanotexnologiya nədir? Amerika Milli Nanotexnologiya Təşəbbüsü (The National Nanotechnology Initiative) mərkəzinin gəldiyi rəyə görə bu texnologiya: 1. Təqribən 1 – 100 nm ( 1 nm = metrin milyardda biri) miqyasında, molekul və ya makromolekullar və atom səviyyəsində araşdirmaların və texnoloji proseslərin inkişaf etdirilməsidir 2. Atom və molekullar səviyyəsində, tamamilə yeni fiziki və kimyəvi keyfiyyətlərə malik olan strukturlarin, sistem və qurğuların yaradılması və tətbiq edilməsidir 3. Atom səviyyəsində baş verən proseslərə nəzarətin və manipulyasiyanın həyata keçirilməsidir. Nanotexnologiya – atom və molekullarla manipulyasiya edərək yeni keyfiyyətli materialların alınmasını və bu materiallardan istifadə edərək nanoölçülü maşın və mexanizmlərin, robotların, kompyuter çiplərinin, elektronika avadanlıqlarının, optik çihazların, sensorların, ətraf mühitin kimyəvi və fiziki təmizləyicilərinin, canlı orqanizmlərə maddələrin , o cümlədən dərman preparatlarının daşınmasını həyata keçirən qurğuların yaradılmasını nəzərdə tutur. Nanotechnologiya sadəcə nanoölçülü hissəciklərin, materialların, məhsulların texnologiyası deyil. Bu texnologiya kimya və materiallar, yeyinti və biotexnologiya, elektronika və materiallar sənayesini, elmin və texnikanın bir çox sahələrini əhatə edən son dərəcə incə bir texnologiyadır. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanaotexnologiyanim nailiyyətlərindən istifadə edilməsin və ya edilməsi nəzərdə tutulmasın. Nanotexnologiyanın imkanları həddən artıq genişdir. Odur ki, bu texnologiya əsasında yaradılan məhsulların miqdarı və növləri çox böyük sürətlə artmaqdadır. Nanotexnologiyada araşdırmalar fizika və kimya elminin bazasına əsaslanaraq aparılır. Bu elmlərin metodlarını və naliyyətlərini tətbiq etməklə atom və molekullarla manipulyasiya edərək çox kiçik ölçülü, yüksək dərəcədə aktiv materiallar alırlar. Ənənəvi sənaye texnologiyalarında tərkibindən lazım olmayan maddələri təmizləməklə, istənilən xammaldan verilmiş struktura uyğun material və qurğular hazırlanır. Bu prosesdə maksimum bir mikron tərtibində ölçüsü olan materiallar hazırlamaq mümkündür. Lakin nanotexnologiya ilə hazırlanmış material və strukturların həm ölçüsünu və həm də fiziki – kimyəvi xaraketristikalarını əvvəlcədən proqramlaşdırmaqla almaq olur. Hal-hazırda dünyanın bir çox ölkələri (xüsusilə, ABŞ, Yaponiya, Çin, Avropa birliyi ölkələri) bu texnologiyanın böyük imkanlara malik olduğunu anlayaraq bu sahəyə küllü miqdarda maddi vəsait cəlb etməklə xeyli nailiyyətlər qazanmışlar. Onu qeyd etmək kifayətdir ki, bütün dünya üzrə, nanotexnologiya sahəsində son on ildə alınan patentlərin sayı və eləcə də bu sahəyə ayrılan pul vəsaitlərinin miqdarı eksponensial qanunla artır. İndi insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanotexnologiyanı tətbiq etmək mümkün olmasın. Nanomateriallar yüksək keyfiyyətli paltar, geyim əşyaları, inşaat materialları, qablaşdırma və daşınma avadanlıqları, çox möhkəm metal məmulatları, keyfiyyətli kosmetika, proqramlaşdırılmış qida məhsulları, yüksək dərəcədə aktiv bioloji və kimyəvi katalizatorlar, dərman preparatlarının daşıyıcıları və nəhayət tibbi əhəmiyyətli sensor maddələr deməkdir. Dünyanın yaranmasından (Biq-Bang nəzəriyyəsinə görə) 300 000 il sonra kainat yalnız nanohissəciklərdən ibarət olmuşdur. Millyard illər ərzində bu nanohissəciklər fiziki qüvvələrin təsiri altında bir-biri ilə birləşib – dağılaraq indi movcud olan və ya bizə məlum olmayan materiyanın hədsiz sayda formalarını əmələ gətirmişlər - sözün həqiqi mənasında kainat nanotexnologiya ilə məşğul olmuşdur. Bu dövrlərdə nə baş verdiyini indi alimlər nanotexnologiyanın vasitəsilə başa düşməyə cəhd edirlər. Nano elmi və nanotexnologiyanın imkanları haqqında ilk dəfə dünyaşöhrətli fizik, Nobel mükafatı laureatı Riçard Feynmanın Kaliforniya Texnologiya İnstitutunda 1959-cu ildə oxuduğu mühazirədə söyləmişdir. O atom və molekul səviyyəsində baş verən proseslərin məkanında həddən artıq geniş və külli miqdarda boş yerlərin olduğunu deyirdi. Biz həmin yerlərə daxil ola bilsək, atom və molekulları həmin boş yerlərdə istədiyimiz kimi düzə bilsək imkanları qeyri məhdud olan bir texnologiyanın əsasını qoya bilərik. Bu ideyanı reallaşdırmaq keçən əsrin 80-ci illərində atom qüvvət və skayner mikroskoplarının kəşfindən sonra mümkün oldu. İndi alimlərin əlində atomlarla manipulyasiya etməyə imkan verən elə texnologiyalar (sinxotron şüalanma, spektroskopiyanın müxtəlif növləri və s.) var ki, onların köməyilə istənilən xassəyə malik maddə, informasiya bankı yarada, yazı yaza bilərik. Nanotexnologiya terminini 1974-cü ildə ilk dəfə Tokiyo Universitetinin professoru Norio Taniguchi təklif etmişdir. Beynəlxalq elm aləmi tərəfindən qəbul edilmiş bu termin indi dünyada ən çox işlədilən məvhumlardan biridir. Eric Drexler 1986-ci ildə atomlarla manupulyasiya edərək yeni tip maddələrin istehsalından bəhs edən kitab yazmışdı. Bu kitab nanotexnologiyadan bəs edən ilk kitab idi. Nanotexnologiya ilə alınan materialların fiziki və kimyəvi xaraketristikaları qeyri adi dərəcədə adi texnologiya ilə alınan materiallardan fərqlənir. Məsələn, qızıl nanohissəciklərindən düzəldilmış qızıl materialının rəngi bizim adət etdiyimiz qızıl rəngindən tamamilə fərqlənir və tünd qırmızı rəngə çalır. Karbon atomları ilə aparılan nanotexnoloji proseslərdə alınan nanoborucuq 6 dəfə poladdan yüngül olmasına baxmayaraq elə o qədər də ondan möhkəmdir. Bu nanoborucuqlardan, silisium və eləcə də almazdan alınan nanoliflərin möhkəmliyi o qədər böyükdür k, bu sapın bir dənəsi ilə fili asmaq olur, min dənəsi ilə çay üzərindən asma körpü düzəltmək olar. Nanotexnologiyanın təsir sahələri çox genişdir, demək olar ki, sərhədsizdir. Bu texnologiya ilə hal - hazırda insan fəaliyyətinin bütün sahələrində, o cümlədən materiallar və emal sənayesində, electronika və kompüter texnologiyasında, tibb və sağlamlıq, ətraf mühit və enerji sahələrində, biotexnologiya və kənd təssrrüfatı, aeronavtika və kosmosun öyrənilməsində, hərbi və milli təhlükəsizlik, nəqiliyyat və qablaşdırma sənayesində, metralogiya və nəzarət xidmətləri sahələrində mühüm nəticələr alınmışdır. Nanotexnologiyanın nailiyyətləri həm də elmin, təhsilin XXİ əsrdə inkişafına güclü təkan verəcəkdir. İndi bəşəriyyətin əsas problemlərindən biri ətraf mühitin qorunması və sağlam, stabil insan inkişafının əldə olunmasıdır. Dünyada 525 milyon kiçik fermer təsərrüfatında çalışan 2,5 milyard əhali təmiz texnologiyadan, təmiz içməli sudan, elementar sanitariyadan və təlükəsiz suvarma sistemlərindən məhrumdurlar. Dənizdə və sahil zonalarinda suda həll olunmuş oksigenin çatışmamazlığı dənizin fauna və florasinda mühüm dəyişikliklər yaradir. Oksigenin miqdarı 2mg/l –dən az olduqda canlılar və fitoplanktonların yaşaması çətinləşir. Son illəri nanotexnologiyanın ətraf mühitin qorunması üçün əldə etdiyi nailiyyətlərdən bəzi nümunələrı göstərmək kifayətdir ki, bu sahənin vacibliyi hamıda inam yaratsın. Nanotexnologiya nədir? Massaçuset Texnalogiya İnstitutunun alımləri həm hidrofob və həm də hidrofil xassəyə malik SiO – polimer nanohissəciklərindən təşkil olunmuş nazık təbəqə yaratmişlar. Onlar bu nanomaterialla səhra zonalarinda havada olan nəmliyi suya çevirmək, bakteriyalardan təmizlənmiş su almaq istəyirlər. Bu nanomaterialla duman və çəni böyük sürətlə suya çevirmək mümkündür. Kanadanın Qərbi Ontario Universitetinin alimləri çirklənmiş zonalarda artezian sularınının təmizlənməsi üçün nanomaterialları torpağa hopduraraq yeraltı sularda etan və butan kimi kimyəvi maddələri təmizləmək əzmindədirlər. İsrail və Amerika alimləri birlikdə nano ölçülü deşikləri olan, polimer əsaslı ultra-filtirasiya qabiliyyətinə malik membran təbəqələri almağa nail olmuşlar. Onların yaratdığı bu təbəqələr bioloji çirkləməyə davamlı, antimikrob xassəli, bioloji toksik maddələr üçün sensor rolunu oynayan, yeraltı və yerüstü sulardan onları kənarlaşdiran materiallardır. Dəniz suyunun şirinləşdirilməsi texnologiyası indiyə qədər çox baha başa gələn bir texnologiyadir. Lawrence Livermore alimləri karbon nanoborucuqlardan istifadə edərək dəniz suyundan, indiki texnologiyadan iki dəfə ucuz başa gələn, texnologiya ilə içməli su almağa cəhd edirlər. Yaponiyanın alimlərinin yaratdığı mikro-nano-qovucuqlar texnologiyasi ilə Şarp Korporasiyası çirkab sularından azotu 90% qədər çıxara bilən zavod tikməyə nail olmuşlar. Əvvəllər çox baha başa gələn üsullarla azotun çirkab sularinda təmizlənməsi bu üsulla dəfələrlə ucuz başa gəlir. Amerikanın Şimaliqərb Sakit okean Milli Laboratoriyası (Pacific Ocean Northwest National Laboratory) alimləri zavodların çirkab sularından civəni və digər toksik elementləri 99,9% təmizləyən SAMMS (Self-Assambled Monolayers on Mesoporous Supports) nanomatrialı almışlar. Onlar bu materialın qalay, xrom, radionukleotidlər və digər toksik metallar üçun də həssas formalarını alacaqlarını söyləyirlər. Cənubi Koreyanın Pohang University of Science and Technology alimləri Amerikanın Massaçuset Universitetinin alimləri ilə birlikdə içməli sudan virusları təmizləyən ikiqat nano ölçülü deşiklərı olan membran təbəqələri almağa nail olmuşlar. Bu nano materialin hemodializ zamanı da tətbiq olunacağını söyləyirlər. Dünyanın ən böyük qızıl mədni olan Cənubi Afrika Respublikası $70 milyon vəsait xərcləyərək qızıl nanohissəciklərindən şaxtalarda zəhərli qazların təmizləznmzsi texnologiyasini hazırlamaq ərəfəsindədirlər. Avstraliyalı alimlər qarğıdalı nişastası tərkibli polimer materialdam ətraf mühit üçün çox əlverişli plastik qablar düzəltmişlər. Belə plastik qabların tullantıları bir müddətdən sonra öz-özünə əriyərək heç bir çirklənməyə səbəb olmur. Yarimkerici nanokristallardan hazirlanmıs "süni yarpaq"la havada olan karbon qazını çox yaxşı təmizləmək olur. Bununla alimlər istixana effektini azaltmaq istəyirlər. Müəyyən edilmişdir ki, nanomayenin (bərk nanohissəciklərin mayedə suspenziyası) kontakt istilik keçiriciliyi on dəfələrlə yüksəkdir. Nanomayedən istifadə edərək texnoloqlar ekoloji cəhətdən təhlükəsiz, ucuz, yüngül termometrlər düzəltmək istəyirlər.Bu termometlərlə torpağın, suyun və bərk cisimlərin temperaturunu çox dəqiqliklə ölçmək olur. Meşə materiallarını əvəz edən nanomateriallar ABŞ-n meşə sənayesinə il ərzində 240 milyon dollarlıq materiala qənaət etməyə imkan verir. Tokiyonun Mitsui Chemicals firmasi alfa-olefin əsasli nano-structura əsaslanan NOTİO adli yeni material yaratmişlar. Bu nanomaterial, şəffaf, çox elastik, yüngül və istilik keçirmayan materialdır. Ondan qablaşdırma sənayesində istifadə etmək olar. Metalları korreziyadan qorumaq üçün istifadə edilən Fe-fosfatı əvəz edən Bonderite NT keramik nanomaterialdan istifadə etməklə metalların davamlılığını dəfələrlə artırmaq olar. NanoCeram® aktıv komponenti AlOOH olan aluminium lifləridir. Bu liflərin diametri 2 nm tərtibindədir.Liflər yüksək electropozitiv aktivliyə malik olduğundan onlardan istifadə edərak həm suda və həm də havada olan bakteriyaları, virusları təmizləmək olur. TiO2 yaxşı fotokatalitik xassəyə malikdir. UB şüaların təsiri zamanı o havada olan üzvü çirkləndiriciləri zərərsizləşdidr, bakteriyaları, virusları məhv edir. Onun bu xüsusiyyətindən istifadə edərək torpaqda, suda və havada olan çirkləndiriciləri təmizləyirlər. Aberdin Universitetinin (University of Aberdeen) alimlərı günəş şüalarının köməyi ilə çirkli suyu təmizləmək və eyni zamanda elektrik almaq üçün yeni texnologiya hazırlamışlar. TərkibindəTitanium dioksid (TiO2) nanohissəciyi olan rənglərlə binaları rənglədikdə binalar havada olan çirkli qazları təmizləyır. Belə ki, TiO2 nanohissəcikləri UB şüaların təsiri zamanı üzvü və qeyri üzvü çirkləndiriciləri parçalayır və yağışlar onları yuyub aparır. İçməli suların tərkibində Arsenin miqdarının artması (xüsusilə Hindistanda, Banqladeşdə) artıq qlobal problemə çevrilmişdir. 'Nanorust' Arseni içməli sudan təmizləyır . Amerikanın Rays Universitetinin (Rice University's Center for Biological and Environmental Nanotechnology ) alimləri Nanotexnologiyaya əsaslanan bu texnologiyanı yaratmışlar. Minik maşınları üçün indi nanohissəcik tərkibli elə rənglər alırlar ki, bu rənglər su buraxmır, çirklənmir, cızılmır, prıldayır, günün müxtəlif vaxtlarında maşın müxtəlif rəngdə görünür.

Külək mühərriki hazırlayaq

Külək mühərrikləri

 Bu səhifədə biz qanadlı külək mühərriklərinin işini tədqiq edəcək və nə cür işləməsiniə aydınlıq gətirəcəyik. Qeyd etmişdik ki, küləyin enerjisini mexaniki işə çevirən qurğuya külək mühərriki deyilir. 
Əgər külək mühərriki hansısa bir mexanizmi hərəkətə gətirib faydalı iş görmürsə, bu sadəcə əyləncə və ya zövq üçün düzəldilmiş maket ola bilər. Lakin sənaye, məişət və kənd təsərrüfatı əhəmiyyətli külək qurğuları faydalı iş görür elektrik enerjisi istehsal edir, suvarmada və s. sahələrdə tətbiq olunur. 
Standart külək mühərriki aşağıdakı hissələrdən ibarətdir: 
1. Pər (propeller və ya külək çarxı); 
2. Giriş valı və ya əsas val; 
3. Aralıq ötürücü mexanizm; (Dişli çarx ötürməsi; reduktor və ya multiplikator) 
4. Əyləc muftası; 
5. Çıxış valı və ya yüksək sürətli val; 
6. İşçi maşın (generator, su nasosu, kompressor və s.); 
7. Soyutma sistemi. 
8. Qüllə 
Bunlardan başqa külək mühərrikində əlavə köməkçi avadanlıqlar da mövcutdur. Onlar aşağıdakılardan ibarətdir: 
1. Anemometr. 
2. Külək istiqamət göstəricisi və ya flüger. 
3. Avtomatlaşdırılmış nəzarət sistemi. 
4. İstiqamətləndirici mexanizm.



Pər yə ya külək çarxı külək mühərrikinin əsas hissəsi olub, onun vəzifəsi küləyin hərəkət enerjisini pərin firlanma enerjisinə (faydalı işə) çevirməkdir. Pər təkər topundan və bu topun ətrafına quraşdırılmış qanadlardan ibarətdir. Qanadlar külək mühərrikinin təyinatından və modelindən asılı olaraq müxtəlif sayda ola bilər. Adətən nəhəng külək mühərriklərində qanadlar sayı 2−3 ədəd olur. Pərlərin profilinin forması xüsusi laboratoriyalarda, aerodinamik borularda çoxsaylı sınaqlarla təcrübi yolla tapılır və ən əlverişli yüksək aerodinamik keyfiyyətə malik profillər təyin olunur. Yüksəksürətli pərlər üçün FX 63-127, NACA 642-415 kimi yüksək keyfiyyətli profillər tətbiq olunur. Bundan başqa NACA 4415, CLARK−Y, ЦАГИ Р-II-12 və s. profillər də mövcutdur. Pərin qanadları topa hərəkətli və sərt şəkildə bərkidilə bilər. Birinci halda qanadlar topun yuvasında sərbəst dönərək hücum bucaqlarını küləyin müxtəlif sürət rejimlərinə uyğun dəyişə bilir. Belə pərlərdə gücün və fırlanma tezliyinin sabitliyi təmin olunur. İkinci halda isə pər tənzimlənməyən olur və kiçik güclü qurğularda tətbiq olunur. 
Külək mühərrikində pər əsas vala bərkidilir. Əsas vala həmçinin giriş valı və ya aşağı sürətli val da deyə bilərik. Pər bu valı küləyin sürətindən asılı olaraq 30−60 dövr/dəq sürətilə fırladır. İstismar zamanı təhlükəsiz və dayanıqlı işləməsi üçün pər bu valla çoxlu sayda boltlarla birləşdirilir. Əsas valın sonu isə dişli çarx ötürməsinin giriş valına qoşulur. Ona görə də bu vala həm də giriş valı deyilir. 
Siz bilirsiniz ki, bir çox maşın və mexanizimlər heç vaxt birbaşa mühərrikə qoşulmur. Avtomobilin aparan çarxları heç vaxt mühərrikə birbaşa qoşulmur, arada mütləq sürətlər qutusu adlanan dişli çarxlardan ibarət mexanizm olur. Əgər bu cür mexaniki sürət tənzimləyiciləri olmasaydı onda maşın və avadanlıqlar tələb olunan səraitdə və tələb olunan səviyyədə effektiv işləyə bilməz və ya işəsalma zamanı ümumiyyətlə, işləməzdilər. Bu deyilənlər həmçinin külək qurğularına da aid edilir. Pər və işçi maşını əlaqələndirən aralıq ötürücü mexanizim əlavə müqavimət yaradır və güc itkisinə səbəb olur. Lakin buna baxmayaraq onlardan istifadə etmədən keçinmək qeyri-mümkündür. Bu ötürücü mexanizimlər giriş və çıxış vallarına malik olub, iş rejimindən və konstruksiyasından asılı olaraq reduktor və ya multiplikator adlanır. Reduktorlar pərin yüksək fırlanma sürətini çıxış valında kiçik fırlanma sürətinə çevirir və təxminən həmin nisbətdə də çıxış valındakı burucu momenti artırır. Pər reduktorda giriş valına, işçi maşın isə çıxış valına qoşulur. Reduktorlar külək qurğularında kiçik sürət və böyük burucu moment tələb edən porşenli su nasoslarını və ya kompressorları işlətmək üçün əlverişlidir.